İrqçilik qalmaqalına görə təxirə salınan “Pari Sen-Jermen”– “Başakşəhər” oyunu da keçirilib. Fransa klubu inamlı qələbə qazanaraq H qrupunu zirvədə tamamlayıb. Görüş Neymar üçün xüsusilə əlamətdar olub.
UEFA Çempionlar Liqasının H qrupunda qalmaqala görə təxirə salınan “Pari Sen Jermen” – “Başakşəhər” oyunu keçirilib. Meydan sahibləri matça əla başlayıblar. 21-ci dəqiqədə Neymar gözəl qolla hesabı açıb. 38-ci dəqiqədə braziliyalı superulduz dubl edib. İlk hissənin başa çatmasına 3 dəqiqə qalmış isə Kilian Mbappe 11 metrlik nöqtədən fürsəti qaçırmayıb. Beləliklə fransalı hücumçu 1 illik fasilədən sonra Çempionlar Liqasında fərqlənib. 2-ci yarıda daha 3 qol vurulub. 50-ci dəqiqədə Neymar het-trik edərək fərqi 4 topa yüksəldib. “Sambaçı” ən mötəbər klub turnirində vurduğu qolların sayını 21-ə çatdıraraq unikal göstərici ilə diqqət mərkəzinə düşüb. O, 2 komandanın heyətində Çempionlar Liqasında 20 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb. Xatırladaq ki, Neymar “Barselona”da oynayarkən müvafiq yarışda 21 dəfə fərqlənmişdi. Az sonra İstanbul futbolçuları qollardan birinin əvəzini çıxıblar. İrfan Can Kahvecinin qüvvətli zərbəsindən sonra Mehmet Topala dəyən top qapıya daxil olub. Amma çox keçmədən fərq yenidən artıb. Mbappe dubl edib.
Bununla “Pari Sen Jermen” 5:1 hesabilə inamlı qələbə qazanaraq H qrupundan 12 xalla lider kimi 1/8 finala yüksəlib. Eyni miqdarda xal toplayan “Leyptsiq” 2-ci yerdən pley-ofa çıxıb. 9 xalla 3-cü olan “Mançester Yunayted” mübarizəni Avropa Liqasında davam etdirəcək. Debütant “Başakşəhər” isə 3 xalla qrup mərhələsini sonuncu pillədə başa vurub.