UEFA Çempionlar Liqasında sonuncu turun görüşləri keçirilir. G qrupunda “Barselona” “Yuventus”u qəbul edib. Azarkeşlər uzun müddətdən sonra Messi – Ronaldo dueli izləyiblər. Liderlik uğrunda gedən mübarizədə “Yuventus” qalib ayrılıb. “Qoca Sinyora”nın heyətindən Kriştitano Ronaldo dubl etdiyi halda, Ueston Makkenni bir dəfə fərqlənib. 3 cavabsız qolla qalib gələn “Yuventus” qrupu lider bitirib.
Qrupun digər matçında Kiyev “Dinamo”su “Ferentsvaroş”u qəbul edib. Avropa Liqasına vəsiqə uğrunda gedən mübarizədə Kiyev fuytbolçuları qalib gəliblər. Meydan sahiblərindən Denis Popov komandasına qələbə qazandırıb.
F qrupunda pley-ofa vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. Belə ki, “Latsio” doğma meydanda “Brügge” ilə mübarizə aparıb. Belçikalılar qələbə qazanacaqları halda pley-ofa yüksələcəkdilər. Amma görüş məhsuldar heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərindən Xoakin Korreya ilə Ciro İmmobile fərqlənib. Qonaqlardan isə Rud Vormerlə Hans Vanaken qol vurub. 2-2. Bu nəticə ilə “Latsio” qrupdan ikinci olaraq çıxıb.
Lider “Borussiya” isə son oyunda qələbə qazanıb. “Zenit”lə qarşılaşan Dortmund futbolçuları ilk hissədə geri düşsələr də, ikinci yarıda əzmkarlıq göstəriblər. Qalib gələn “Borussiya” qrupu 13 xalla lider bitirib.