Ötən həftə Bəhreyn Qran-prisində yaşanan dəhşətli qəza uzun müddət Formula 1 həvəskarlarının yaddaşından silinməyəcək Romeyn Qrojanın bolidinin qəza nəticəsində alışması “Haas” pilotunun özünü də çətin vəziyyətə salıb.

Bəhreyn Qran-prisində bolidinin alışmasından sonra möcüzə nəticəsində sağ qalan Romeyn Qrojan karyerasında fasilə götürmək haqda fikirləşir. Sahirdəki yarışı buraxıb Əbu-Dabidəki “Qran-pri”də iştirak edəcək “Haas” pilotu növbəti mövsümdən “İndyCar” seriyasında çıxış edə bilər:  “Bundan sonra nəyə qadir olduğumu bilmək özünə də çox maraqlıdır. Davam etmək istəyirəmmi? Yarışmaq həvəsindəyəm, yoxsa qorxuram? Məsələ ondadır ki, bu qəzanın yenidən təkrarlanması riski ilə bağlı şübhələrim var. Mənə doğma olan insanlara yenidən bu dəhşətli anları yaşatmaq istəmirəm. Bir həftə əvvəl bir illik fasilə götürəcəyim mümkünsüz idi. İndi isə kaytsörfinqlə məşğul olmaq, velosiped sürmək və ya vaxtımı ailəmlə bir yerdə keçirmək haqda fikirləşirəm. Bu qəza həmişəlik mənim həyatımı dəyişdi”.

Xatırladaq ki, mövsümün sonunda “Haas” komandasının Romeyn Qrojan və Kevin Maqnussenlə müqavilə müddəti başa çatır. Bu pilotları 2021-ci ildə rusiyalı Nikita Mazepin və Mixael Şumaxerin oğlu Mik Şumaxer əvəzləyəcək.