G qrupunda “Yuventus” – “Dinamo” Kiyev oyunu UEFA Çempionlar Liqası tarixinə düşüb. Yarışda ilk dəfə matçı qadın referi idarə edib. Fransalı Stefani Frappar qarşılaşmada ədaləti qoruyub. Görüşə gözlənildiyi kimi meydan sahibləri daha fəal başlayıblar. Onların səyi 21-ci dəqiqədə bəhrəsini verib. Federiko Kyeza qonaqların qapısına yol taparaq yenə komandasında qol hesabını açıb. Turin futbolçuları fasilədən sonra rəqibi oyuna daha 2 dəfə mərkəzdən başlamağa məcbur ediblər. 57-ci dəqiqədə Kriştianu Ronaldu fərqi artırıb. Portuqaliyalı hücümçü karyerasında 750-ci qolunu vurub. Bundan başqa o, Çempionlar Liqasında çıxdığı ev oyunlarında 71-ci dəfə fərqlənərək “Nou  Kamp”da 70 qol vuran Lionel Messini keçib.  Az sonra Alvaro Morata hesabı 3:0 edərək mübarizəyə nöqtə qoyub.

“Barselona” isə Macarıstan səfərində “Ferentsvaroş”u eyni hesabla məğlub edib. İlk hissədə vurulan qollar matçın taleyinə aydınlıq gətirib. Antuan Qrizman 14, Martin Breytveyt 20-ci dəqiqədə meydan sahiblərini məyus edib. 28-ci dəqiqədə isə Usman Dembele penaltini dəqiq yerinə yetirib.

Pley-ofa vəsiqə qazanmış “Barselona” və “Yuventus” müvafiq olaraq 15 və 12 xalla ilk 2 yerdə qərarlaşıblar. Sonuncu turda “Nou Kamp”da keçiriləcək oyun liderlik baxımından əhəmiyyətli olacaq. Hərəyə 1 xal qazanan “Dinamo” Kiyev və “Ferentsvaroş” hazırda 3-cü, 4-cü pillələrdə gedirlər. Onların qarşılaşması isə mübarizəni avroliqada davam etdirəcək komandanı müəyyənləşdirəcək.