Gələn il idman ictimaiyyəti əsl canlanmanın şahidi olacaq. Bu mənada təkcə Futbol üzrə Avropa çempionatı və Tokio Olimpiadasını ön plana çəkmək kifayətdir. Növbəti il həm də Beynəlxalq Olimpiya Komitəsi üçün əlamətdar tarix olacaq.

Tomas Bax növbəti il Beynəlxalq Olimpiya Komitəsində keçiriləcək prezident seçkilərində yeganə namizəd olacaq. Bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub. Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri gələn il Afinada təşkil olunacaq qurumun 137-ci konfransı çərçivəsində keçiriləcək. Bax növbəti dəfə prezident seçilsə, səlahiyyətlərinin icrasına Tokio Olimpiadasından sonra başlayacaq. Xatırladaq ki, prezident seçkilərindən öncə namizəd olmaq istəyənlər ərizələrini noyabrın 30-na qədər təqdim etməli idi. Amma Baxdan başqa qurumun heç bir üzvü belə təşəbbüs göstərmək istəməyib. Artıq Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə seçki prosesi ilə bağlı məlumat verilib.
Baxın rəhbərlik etdiyi qurumun təşkil edəcəyi Tokio Olimpiadasına gəlincə, artıq nəhəng idman festivalının yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsi üçün müəyyən işlər görülür. Yaponiya mətbuatının məlumatına görə, Tokio Olimpiadasında koronavirusa qarşı tədbirlərə görə, yerli hökümət təxminən 960 milyon dollar vəsait sərf edəcək.