Fransa milli komandası “Stad de Frans” Arenasında Finlandiya ilə üz-üzə gəlib. Azarkeşlər arasında oyuna maraq kifayət qədər artıq olub. Görüşdə açıq-aşkar favorit sayılan Fransa seçməsi yoldaşlıq görüşündə gözlənilmədən 0:2 hesabı ilə məğlub olub. Qonaqların heyətindən 28-ci dəqiqədə Markus Fors və 31-ci dəqiqədə Onni Valakari vurub. Fransa – Finləndiya 0:2.

İtaliya yığma komandası isə hazırlıq görüşündən inamlı nəticə ilə ayrılıb. Florensiya şəhərində Estoniya futbolçularını qəbul edən “skuadra adzzura” rəqib qapısından 4 cavabsız top keçirib. Vinçentso Qrifonun dubl etdiyi qarşılaşmada Federiko Bernandeski və Rikkardo Orsolini hərəyə bir dəfə fərqlənib. İtaliya – Estoniya 4:0

Almaniya millisi isə Çexiya ilə qarşılaşıb. “Bundestim” bu görüşdə minimal hesabla qalib gəlib. 13-cü dəqiqədə Filipp Maksın ötürməsindən sonra Luka Valdşmidt topu qapıya göndərib. Almaniya – Çexiya 1:0.

Günün ən böyükhesablı qarşılaşması isə Portuqaliyada olub. Yerli komanda Andorra futbolçuları ilə üz-üzə gəlib. İlk hissədə Pedro Neto və Paulinyo rəqibi cəzalandırıb - 2:0. Fasilədən sonra isə Pireney yarımadası təmsilçisi rəqib qapısından daha 5 top keçirib. Meydan sahiblərindən Renato Sançeş, Paulinyo, Kriştiano Ronaldo və Joao Feliks fərqləniblər. Qonaqlardan isə Emili Qarsia avtoqolla yadda qalıb. Portuqaliya – Andorra 7:0. Bu oyun komandanın ulduz futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, hücumçu Portuqaliya yığmasının heyətində artıq 102-ci dəfə fərqlənib. Qeyd edək ki, Ronaldo İranın futbol yığmasının Azərbaycan əsilli keçmiş oyunçusu Əli Dayinin rekordunu qırmaq üçün milli komandanın heyətində daha 7 qola imza atmalıdır.