Bu gün milli komandamız Sloveniya yığması ilə yoxlama matçı keçirəcək.

Komandalar bu günədək heç bir turnirdə və yoldaşlıq görüşlərində qarşılaşmayıblar. Görüşə maraq böyükdür. Noyabrın 6-da açıqlanan heyətdə yeni adlar diqqət çəkmişdi. “Qarabağ”ın hücumçusu Musa Qurbanlı, “Neftçi”nin müdafiəçisi Mert Çelik və “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov ilk dəfə milliyə çağırılıb. Oyun ərəfəsində keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırarkən noyabrın 10-da ölkə prezidenti, ali baş komandanın verdiyi qələbə xəbərinə də sevindiyini bildirib: "Hamını bu böyük gün, qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı səhər yuxudan artıq qalib xalq kimi oyanıb. Nəhayət, 30 illik münaqişəyə son qoyulur. Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram. Oyuna gəldikdə isə, daha çox yeni cəlb etdiyimiz futbolçulara şans verəcəyəm. Matça yaxşı hazırlaşmaq üçün yetərli vaxtımız olmayıb. Toplanışa dəvət olunan futbolçularla bərpa məşqləri keçmək imkanımız olub. Bütün oyunlar bizim üçün vacibdir. Bu gün də qalib gəlmək üçün mübarizə aparacağıq. Hər zaman demişəm, millinin qapısı hər bir futbolçunun üzünə açıqdır. Kim özünü yaxşı tərəfdən göstərsə, dəvət alacaq. Kim verilən şansdan istifadə edə bilməsə, özünü doğrultmasa, millinin qapısı üzünə bağlana bilər”. 

Sloveniya millisinin baş məşqçisi Matyaj Kek də qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Sitat: “Millidə olduğum müddətdə bütün matçların, hətta yoldaşlıq oyunlarının da nəticələri vacib olacaq. Sabah az oyun təcrübəsi olanlara şans verəcəyik. Qarşılaşmanın Millətlər Liqasındakı Kosovo və Yunanıstana qarşı matça yaxşı hazırlıq olacağını düşünürəm. Bu hazırlıq matçı olacaq, yoldaşlıq görüşü yox. Azərbaycan xarakterli, fiziki cəhətdən güclü, öz oyun tərzinə sahib bir komandadır”. Sitatın sonu. Qeyd edək ki, bu gün keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.