Azərbaycan millisinin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

UEFA-nın saytının yazdlğına görə, matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Referi Ferents Karakoya Peter Kubor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə sloveniyalı Devid Smayts yerinə yetirəcək. Karako daha əvvəl də Azərbaycan yığmalarının oyunlarına təyinat alıb. 37 yaşlı referi 2017-ci ildə əsas millinin Qətərə 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq matçını idarə edib. O, 2018-ci ildə isə U-19 yığmasının Avropa çempionatının seçmə mərhələsində Kipr (1:2) və Serbiya (1:4) ilə matçlarında ədaləti qoruyub. 

Qeyd edək ki, noyabrın 11-də baş tutacaq Sloveniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.