Üçrəngli bayrağımız xalqımızın azadlığı, suverenliyi, öz istiqlalı uğrunda apardığı mübarizəsini, milli mənsubiyyətini tərənnüm edir.Bu gün bizim hamımız - hər bir azərbaycanlı xüsusi iftixar duyur, qürur hissi keçirir. Çünki “9 Noyabr – Dövlət Bayrağı Günü”dür. Bu gün bizim üç rəngli bayrağımızın işğaldan azad olunan ərazilərdə, Şuşada dalğalandığı gündür.
2009-cu il noyabrın 17-də ölkə başçısı İlham Əliyev 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb.
Ən müqəddəs rəmzlərdən sayılan bayraq millətin varlığının, mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq və onu qorumaq bacarığının əsas göstəricisidir. Bayraq həm də dövlətin və xalqın azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, tarixinin ən real ifadəsidir. Şair deyib ki:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.
Üçrəngli, ay-ulduzlu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. O, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qəbul edilib. Uzun illər sonra, 1990-cı il noyabrın 17-də ulu öndər Heyər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında isə muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən də təsdiq edilib.
Bu gün ölkəmizin hər yerində ucalan 3 rəngli bayraq xalqımızın öz milli dəyər və rəmzlərinə,vətənə hədsiz sevgisinin nümunəsidir. Azərbaycan bayrağı dünyanın ən nüfuzlu təşkilatlarında, müxtəlif beynəlxalq tədbirlərdə dalğalanır, mötəbər idman yarışlarında zirvələrə ucalır.Dövlət bayrağının tanınmasında,sözsüz ki, idmançılarımızın da böyük xidmətləri var. Onlar Olimpiya Oyunlarında, dünya və qitə çempionatlarında parlaq qələbələrilə bayrağımızın ucalıb tanınmasına şərait yaradırlar. Təkcə bunu demək kifayətdir ki, əgər keçmiş ittifaq dövründə respublikamızın nümayəndələri iştirak etdikləri bütün olimpiadalarda 36 il ərzində üst-üstə 26 medala yiyələnmişdisə, müstəqillik dövründə cəmi 24 ilə 47 mükafatın sahibi olublar.
Qazanılan qələbələr ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, idmançılarımızın Vətən məhəbbətinin, fədakarlığının təzahürüdür. Bu yarışlarda Azərbaycanın hər komandası, hər atleti vahid ailə kimi qələbəyə can atıb, “Biz birlikdə güclüyük!” - çağırışı ilə bir-birlərinə mənəvi dayaq olaraq yeni zirvələr fəth edib, bayrağımızı ucaldıblar. Bu gün ölkəmiz milli dövlət bayrağı altında prezidentimizin ətrafında daha sıx birləşərək müstəqillik yollarında inamla irəliləyir. Bayrağımıza, Vətənimizə sonsuz məhəbbətin, inamın nəticəsidir ki, xalqımız, rəşadətli ordumuz nə vaxtdan bəri işğal altında olan torpaqlarımızı azad edir. Bu gün Azərbaycan əsgərinin şücaəti və hünəri sayəsində üçrəngli bayrağımız Qarabağın müxtəlif bölgələrində - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində, Hadrut və Ağbənd qəsəbələrində, Xudafərin körpüsündə, Murovdağda , ən əsası Şuşada dalğalanır.