Koronavirus pandemiyasının sürətlə yayılması növbəti mövsüm keçiriləcək turnirlərin taleyini də sual altında qoyur. Bu ilin yanvarın koronavirus hələ Çin sərhədlərini aşmadığından Avstraliyadakı turnirləri təşkil etmək problemə çevrilməmişdi. Amma deyəsən, növbəti ilin əvvəlində Okeaniya zonası bunun əzabını çəkəcək.

Avstraliya Tennis Federasiyası çətin sınaq qarşısında qalıb. Belə ki, hər il keçirilən “Australian Open”dən öncə müxtəlif turnirlərdə məşhur tennisçilər qüvvəsini sınayırdısa, bu dəfə vəziyyət tam fərqli ola bilər. Avstraliya Tennis İttifaqının prezidenti Kreyq Tilinin sözlərinə görə bu turnirlərin hamısının bir şəhərdə keçirilmə ehtimalı var. Belə ki, ötən il təqvimə daxil edilən “ATP Cup” turniri Pert, Sidney və Brisbendə keçirilmişdisə, bu dəfə yarış yalnız Melburna həvaslə edilə bilər. Onun sözlərinə görə, “ATP Cup”da iştirak edəcək tennisçilər dekabrda Avstraliyaya gələcək və iki həftə karantində qalmalı olacaq. Onlar Melburndakı turnirdə iştirak etdikdən sonra “Australian Open”i gözləməlidir. Bu da o deməkdir ki, tennisçilər təxminən bir ay Avstraliyada qalmalı olacaq. Tili Brisben, Adelaida və Kanberradakı yarışları da təşkil etmək həvəsində olduqlarını söyləyib. O, iştirakçıların turnirlər zamanı tam təcrid olunmaları üçün otellərdə qalacağını, yalnız oyun və məşq zamanı korta çıxacaqlarını bildirib.