Fransanın paytaxtı Parisdə ATP seriyalı tennis turnirində 2-ci mərhələnin görüşləri olub. Ümumi mükafat fondu 4 milyon avroya yaxın olan görüşdə əsas diqqətlər Rafael Nadala yönəlib. İspaniyalı raketka ustası karyerasında 1000-ci qələbəsini qazanıb. O, bu nəticəyə çatan 4-cü tennisçidir.

Yarışa 2-ci mərhələdən başlayan ispaniyalı Rafael Nadal həmyerlisi Felisiano Lopeslə üz-üzə gəlib. İlk setdə Lopes qələbə qazanıb - 6:4. Amma bundan sonra təşəbbüsü ələ alan Nadal 2-ci hissədə tay-brekdə rəqibindən üstün olub. 3-cü – həlledici set də onun xeyrinə başa çatıb. Bununla da Rafael Nadal 1/8 finala vəsiqə əldə edib. Rafael Nadal həm də karyerasında 1000-ci qələbəsini qazanıb. O bu göstəriciyə çatan 4-cü tennisçidir. Rekord 1274 dəfə qalib gələn amerikalı Cimmi Konnorsa aididr. 1242 qələbə ilə Rodjer Federer 2-cidir. Ilk 3-lüyü 1068 dəfə rəqiblərini məyus edən çexiyalı İvan Lendl tamamlayır. Əlavə edək ki, qadın tenniçilər arasında isə 1000-dən çox qələbə əldə edən 2 raketka ustası var. Bunlar amerikalı Kris Evert və əslən çexiyalı olan amerikalı Martina Navratilovadır.