İtaliyanın İmola şəhərində "Formula 1" üzrə Emiliyi-Romanyi Qran-prisi yekunlaşıb. Yarış öncəsi əsas mübarizənin “Mersedes” komandasının pilotları Luis Hamiltonla Valteri Bottas arasında gedəcəyi gözlənilirdi. Ehtimallar özünü doğruldub.Yürüşün başlanğıcından digər pilotlarla arasında fərq yaratmağı bacaran hazırkı dünya çempionu sonda yarışı qələbə ilə başa vurub.  İkinci yer onun komanda yoldaşı Valtteri Bottasa qismət olub. "Renault" komandasından Daniel Rikkardo isə üçüncü pillə ilə kifayətlənib. Ümumilikdə 20 pilotdan 15-i finişə çata bilib.

Bu nəticədən sonra "Mercedes" komandası sona 4 mərhələ qalmış 479 xalla Konstruktorlar Kubokunun qalibi olub. İkinci yerdə 226 xalla "Red Bull" qərarlaşıb. "Renault" isə 135 xalla üçüncüdür.Pilotların mübarizəsində isə Lüis Hemilton 282 xalla 1-ci, Valtteri Bottas 197 xalla 2-cidir. 3-cü pillədə isə 162 xalla "Red Bull" pilotu Maks Ferstappen qərarlaşıb. Qeyd edək ki, mövsümdə çempionluğunu elan etmək üçün Hamiltona növbəti yarışda Türkiyədə təşkil olunacaq İstanbul qran-prisində qələbə qazanmaq kifayətdir.