Ötən mövsüm koronavirus pandemiyasına görə yarımçıq dayandırılan MBA-da mövsüm sonradan liqa rəhbərliyinin qətiyyəti sayəsində bərpa edildi. Amma yarışları bir şəhərdə keçirmək elə də böyük problem təşkil etmədi. Yeni mövsümdə çempionat ənənəvi qaydada keçirilməlidir. Bunu isə təşkil etmək çətindir.

MBA-da yeni mövsümün bərpası ilə bağlı problem yaşanır. İlin sonuna 2 ay vaxt qalsa da, hələ də çempionatın nə vaxt start götürəcəyi haqda heç bir məlumat yoxdur. Məsələ ondadır ki, liqa rəhbərliyi ilə Oyunçuların Həmkarlar İttifaqı arasında mövsümün başlanğıc tarixini müəyyənləşdirməklə bağlı hələ də razlıq əldə olunmayıb. MBA idarəçiləri çempionatın startına dekabrın 22-də nail olmaq istəyir. Basketbolçular isə yanvar ayında meydana çıxmağa hazır olacaqlarını bildiriblər. MBA rəhbərliyinin tələskənliyi isə sırf maliyyə itkilərinin minimuma endirilməsi ilə bağlıdır. Mövsüm gec başlayacağı halda liqa 500 milyon – 1 milyard dollar araılığında ziyana uğraya bilər. Ən böyük problem isə mövsümün azarkeşsiz keçirilmə təhlükəsi ilə bağlıdır. Çünki hələ də bu məsələyə aydınlıq gəlməyib. Bu mövsüm çempionat azarkeşsiz keçirilsə liqa 4 milyard dollar itirəcək. Bununla yanaşı hələ də çempionatda hər komandanın neçə oyun keçirəcəyi də müəyyənləşməyib. Mövsüm dekabrın 22-i başlayacağı halda, hər bir komandanın 72 oyuna çıxması mümkündür. Bəzi mənbələr isə komandaların hərəyə 50 oyun keçirmək istədiyini yazır.