“Euronews” telekanalının internet səhifəsində kanalın çəkiliş qrupunun Dağlıq Qarabağdan hazırladığı yeni reportaj yayımlanıb.
Reportaj kanalın çəkiliş qrupunun bir müddət əvvəl erməni qoşunlarının nəzarəti altında olan və Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziyə - Naftalandan Talışa yola düşməsindən bəhs edir. Müxbirin sözlərinə görə, bura sözün əsl mənasında minalanmış sahədir.
Reportajda Tərtər rayonunun təsərrüfatında böyük rola malik su anbarını da görmək mümkündür. Müəllif qeyd edir ki, bura strateji əhəmiyyətə malik zonadır. Torpaq mülkiyyətçiləri illərdir əziyyət çəkir. Səbəb Ermənistan tərəfinin anbarı 1992-ci ildə ələ keçirdikdən sonra su təchizatını kəsməsidir. Azərbaycan pambıqçıları ümid edirlər ki, bənd Bakının nəzarəti altına keçdikdən sonra su təchizatı bərpa ediləcək və əkinçilik bölgəsində həyat yaxşılaşacaq.
Vurğulanır ki, bu ərazi böyük əhəmiyyətə malik olduğundan xüsusilə təhlükəlidir. Azərbaycan topçuları işğalçıların onlara atəş açdığı yerlərə zərbələr endirir.
“Euronews”un çəkiliş qrupu görüntüləri lentə alarkən təhlükə ilə də üzləşiblər. “Ermənistan tərəfinin atdığı raketlərdən birinin birbaşa jurnalistlərin daşıdığı maşının üstündən uçması nəticəsində avtomobilə ziyan dəysə də, xoşbəxtlikdən heç kim zərər görməyib” - müəllif belə deyir.