Mövsümlər arası fasilə dövründə 39 milyon avroya “Ayaks”dan “Mançester Yunayted”ə keçən Doni van de Bek yeni klubunda əsas heyətin üzvünə çevrilə bilməyib. Bu da niderlandlı futbolçuya qarşı təzyiqlərin artmasına səbəb olub. Həm ölkəsində, həm də İngiltərə mətbuatında bu keçidin “Mançester Yunayted” üçün uğurlu olmadığı barədə fikirlər səslənir.
Doni van de Beekin “Mançester Yunayted”də meydana çıxmaq üçün şans əldə edə bilməməsi futbol ictimaiyyəti arasında geniş əks-səda doğurub. Bəziləri bunu normal hal kimi qəbul edirsə, bəziləri də niderlandlı futbolçunu seçiminə görə qınayır. Məsələn, “Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra Van de Bekə az şans verdiyinə görə Sulşeri dəstəkləyib: “Bu yaxınlarda “Mançester Yunayted”ə Van de Bekin lazım olmadığını söylədiyimə görə, bəzi fanatlar məni təhqir etdi. Məsələn, “Yunayted”də Fred, Maktomini və Matiç kimi oyunçular sevilib-sevilməməyindən asılı olmayaraq, böyük oyunlarda can qoyur. Van de Bek indiki məqamda nə Poqbadan, nə də Brunu Fernandeşdən üstün oyunçu deyil. O burada “Ayaks”da olduğu kimi çıxış etmir. Doni “Mançester Yunayted”ə lazım olan oyunçu deyil”
Niderland millisinin əfsanəvi hücumçusu Marko van Basten isə birbaşa olaraq Doninin özünü tənqid edib: “Bu səviyyədə oyunçunun ildə 6-7 dəfə meydana çıxması üzücü məqamdır. Pula görə sərfəli komandaya keçə bilərsən, amma sən meydanda nə qədər vaxt keçirəcəyini də düşünməlisən. Van de Bek “Mançester Yunayted”ə keçməməli idi. Şans qazanmayacağın komandada oynamağın mənası yoxdur”.
Xatırladaq ki, niderlandlı futbolçu bu mövsüm premyer liqada ümumilikdə 59, Çempionlar Liqasında 2 dəqiqə meydanda olub.