UEFA Millətlər Liqasının A divizionunda da bir neçə görüş maraqla gözlənilir. Onlardan biri də 4-cü qrupda Ukrayna və İspaniya seçmələri arasında olacaq. Ukraynalılar ilk oyunda rəqiblərinə böyük hesabla uduzsalar da, baş məşqçi Andrey Şevçenko bu dəfə sona qədər döyüşəcəklərini deyib. İspaniya millisinə rəhbərlik edən Luis Enrike də gərgin mübarizənin olacağını bildirib.
A divizionunun 4-cü qrupunda mübarizə aparan Ukrayna və İspaniya milliləri arasında keçirilən ilk matçda “qırmızı furiya” öz meydanında 4:0 hesabilə qalib gəlmişdi. İspaniya futbolçuları bu qələbədən sonra İsveçrə yığmasından da minimal hesabla üstün olaraq lider mövqeyini qorumuşdu. Ukrayna seçməsi isə Millətlər Liqasının ilk matçında İsveçrə komandasını 2:1 hesabilə məğlub etsə də, daha sonra ispaniyalılara uduzdu, 3 gün əvvəl isə Almaniya millisinə 1:2 hesabilə məğlub oldu. Ukrayna yığması hazırda 3 xalla qrupda 3-cü yerdədir. Lider İspaniya seçməsindən 2 xal geri qalan Almaniya komandası 5 xalla 2-cidir. 3 oyundan yalnız 1 xal toplayan isveçrəlilər isə sonuncudular. Ukrayna – İspaniya matçından əvvəl baş məşqçilər media nümayəndələri önünə çıxıblar. Ukrayna millisinə rəhbərlik edən Andrey Şevçenko komandasının inkişafından məmnun olduğunu söyləyərək, hələ heç neyin bitmədiyini deyib: “Bu səviyyəyə çatmaq üçün çox çalışmışıq. Əsas divizionda mövqeyimizi qorumaq niyyətindəyik. Hələlik yalnız 3 xal toplasaq da, heç nə itirilməyib. Digər 3 matçda bacardığımız qədər uğurlu nəticə qazanaraq vəziyyətimizi yaxşılaşdırmaq haqda düşünürük. İspaniya kimi komandaya qarşı oynamaq həmişə çətin olur. Amma hesab edirəm ki, layiqli rəqib olduğumuzu göstərə bilsək, yaxşı nəticə əldə edəcəyik”.
Luis Enrike isə əsasən rəqib haqda xoş fikirlər səsləndirib: “Nə etdiyini bilən, yaxşı formalaşmış kollektivə qarşı oynayacağıq. Rəqibimizin özünə xas taktikası da mövcuddur. Güclü pressinq tətbiq edərək, boş zonaların yaranmasına imkan vermirlər, yaxşı müdafiə olunurlar. Düzdür, ilk oyunda böyük hesabla qalib gəlmişik. Amma həmin matçda imkanlarımızdan maksimum yararlanaraq olduqca parlaq oyun göstərmişdik. Bunu hər matçda təkrarlamaq asan məsələ deyil. Lakin biz eyni oyun üslubuna sadiq qalaraq rəqibimizi bu dəfə də məğlub etməyə çalışacağıq”.
Kiyev Olimpiya Stadionunda keçirilən oyun bu gün Bakı vaxtilə saat 22:45-də başlanacaq. Görüşü Pavel Gilin başçılığı ilə polşalı hakimlər briqadası idarə edəcək.