Avropa çempionatında pley-offa start verilib. Mərhələnin yarımfinalında 16 komanda final uğrunda mübarizə aparıb. Onlardan cəmi 8-i finala yüksəlib. Həlledici görüşlərdə qalib gələn 4 milli komanda Avropa çempionatına vəsiqə qazanacaq.

Avropa çempionatının pley off mərhələsində Bolqarıstan millisi Macarıstan seçməsilə qarşılaşıb. Görüşdə 4 qol vurulub. Sofiyada keçirilən oyuna qonaqlar daha yaxşı başlayıblar. 17-ci dəqiqədə Villi Orban fərqlənib. İkinci yarıda da hücumlarını davam etdirən macarlar daha 2 dəfə rəqib qapısına yol tapıblar. Solt Kalmar və Nemanya Nikoliks hədəfdən yayınmayıb. Meydan sahiblərindən isə Georgi Yomovun qolu təsəllidən başqa bir işə yaramayıb. Macarlar pley-offun finalına yüksəliblər.

Finala yüksələnlər arasında islandiyalılar da var. Rumınlarla görüş İslandiya seçməsi üçün çətin keçib. Amma buna baxmayaraq meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək Avropa çempionatına vəsiqəyə bir addım da yaxınlaşıblar.

Bunlardan başqa Gürcüstan, Şimali Makedoniya, Şimali İrlandiya, Serbiya, Şotlandiya və Slovakiya milliləri pley-offun finalına yüksəlib. Qeyd edək ki, bu komandalardan 4-ü Avropa çempionatına vəsiqə qazanacaq. Koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.