UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 13-də  Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan – Kipr oyunu Albaniyanın Tirana şəhərində təşkil olunacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Oyun Bakı vaxtı ilə saat 20-də başlayacaq. Qeyd edək ki, AFFA UEFA-ya ünvanladığı məktubda, dəfələrlə telefon danışıqlarında təşkilati işlərdə bu və ya digər şəkildə iştirak edən dövlət qurumlarının oyunu Bakıda təhlükəsizliyin tam təmin olunması zəmanəti ilə keçirməyə hazır olduğunu bildirmişdi. Lakin o da qeyd olunub ki, son günlər Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi təxribatlar, xüsusilə son günlər Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, Xızı və Abşeron rayonlarının artilleriya və raket qurğularından atəşə tutulması, Tərtər, Goranboy, Beyləqan, Bərdə və digər yaşayış məntəqələrimizdə mülki əhalinin hədəfə alınması, dinc sakinlər arasında ölən və yaralananların olması Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət olunmamasının bariz sübutudur. AFFA beynəlxalq oyunun keçirilməsi üçün daxili təhlükəsizliyə tam zəmanət versə də, xarici aqressiya və terror xarakterli davranışlar hər hansı şəkildə belə zəmanətin verilməsini çətinləşdirir. Burada məqsəd qonaqları Ermənistanın törədə biləcəyi hər hansı təxribatdan qorumaqdır. Bu da onu göstərir ki, ermənilərin bu cür əməlləri təkcə Azərbaycan deyil, həmçinin ölkəyə səfər edən əcnəbi komandalar üçün də təhdiddir.