MBA-da final həyəcanı yaşandığı bir məqamda bu gün Avroliqada 2020/21 mövsümü start götürəcək. Ötən mövsüm koronavirus pandemiyasına görə çempionat yarımçıq dayandırıldısa, bu dəfə liqa rəhbərliyi yarışı sona qədər keçirməkdə israrlıdır.

Bu gün basketbol üzrə Avroliqada yeni mövsüm start götürür.10 ölkədən 18 komandanın iştirak edəcəyi yarışda basketbol həvəskarları bir-birindən maraqlı mübarizənin şahidi olacaq. İlk turun açılış matçında isə ötən mövsüm çempionatda lider olan “Anadolu Efes”  İstanbulda “Zenit”i qəbul edəcək. Bu görüş Bakı vaxtı ilə saat 21.30-da start götürəcək.  Günün ən maraqla gözlənilən qarşılaşmasında isə “Barselona” ilə ÇSKA üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23.00-da baş tutacaq bu görüş “Palau Blau-Grana” arenasında baş tutacaq.

Elə “Barselona” və SSKA-da söz düşmüşkən, katalonların yeni baş məşqçisi Şarunas Yasikyaviçyus yeni mövsüm öncəsi favoritlərdən danışarkən moskvalıları daha şanslı görüb: “Basketbol koronavirus pandemiyasından sonra yeni həyata öyrəşməlidir. Artıq cəmiyyət bu çətinliyi adlayıb. Heyətlə bağlı müəyyən problemlərlə üzləşsək də, meydana çıxmalıyıq. Avroliqada bu mövsüm tam fərqli şəraitdə keçəcək. Bununla barışmalıyıq. Hansısa bir ölkədə pandemiya ilə bağlı acınacaqlı vəziyyət yaranıbsa, onu təmsil edən komandanı cəzalandırmaq lazım deyil. Favoritlərə gəlincə, məncə, son çempion ÇSKA yenə də əsas söz sahibi olacaq. Ötən mövsümü lider kimi keçirən “Anadolu Efes”i də unutmaq olmaz. Daha sonra “Real”la “Milan”ın adını çəkə bilərəm”.