“US Open” turnirində Novak Cokoviçin topu qadın hakimə tərəf tuşlaması nəticəsində diskvalifikasiya olunması təkcə tennis yox, idman ictimaiyyətinin əsas müzakirə mövzusudur.Turnirin əsas favoritinin belə şəkildə mübarizəni dayandırması nəticəsində idman ictimaiyyəti iki hissəyə bölünüb. Bəziləri Novakın günahsız, bəziləri haqlı cəzaya məruz qaldığını iddia edir. Bütün bunlara baxmayaraq, Novak Cokoviç tennis ictimaiyyətindən üzr istəyib. O bunu bilərəkdən etmədiyini və qərarla razılaşdığını bildirib. Son 20 ildə ilk dəfə “US Open”də belə bir cəzaya məruz qalaraq tarixə düşən serbiyalı raketka ustasının üzr istəmsinə baxmayaraq, bəzi mütəxəsisslər Novakı qınayıb. “Böyük Dəbilqə” seriyalı turnirlərin 7 qat qalibi olan Con Makinroy Cokoviçin bu hərəkətlə uzun müddət pis nümunə olacağını söyləyib: “Coko karyerasının sonuna qədər pis insan kimi xatırlanacaq. Görək Nole bu təzyiqin öhdəsindən necə gələcək?! Amma mənə elə gəlir ki, o bu ləkəni yuya bilməyəcək”. Xorvatiyalı tennisçi Borna Çoriç isə Cokoviçin başına gələn hadisəni bəxtsizliklə əlaqələndirib: “Əlbəttə, bu bədbəxt hadisədir.Bunu mən bəxtsizliklə əlaqələndirərdim. Top 5 santimetr kənara getsəydi, indi heç kim bu haqda danışmayacaqdı. Amma qaydaları dəyişmək olmaz! Novakı haqlı olaraq cəzalandırıblar”.
Yeri gəlmişkən, Karreno-Buesta ilə görüşdə Cokoviçin topuna tuş gələn hakim sosial şəbəkələrdə Novakın fanatları tərəfindən müntəzəm olaraq təhqir edilir.