Millətlər Liqasının ilk turunda doğma meydanda Lüksemburq millisinə 1-2 hesabı ilə məğlub olan milli komandamızda əhval-ruhiyyə o qədər yaxşı olmasa da, futbolçularımız ən azından Kipr səfərindəki uğurlu nəticə ilə bu uğursuzluğu unutdurmaq istəyir.İlk oyundan sonra heyətdə bəzi dəyişikliklər etməyi düşünən baş məşqçi Canni De Byazi oyunöncəsi mətbuat konfransında Lüksemburqla oyundakı məğlubiyyətin futbolçulara pis təsir etdiyini vurğulayıb: “İlk oyunda evdə Lüksemburqa məğlub olduq. Buna görə çox məyus və əsəbiyik. Kiprlə oyunda situasiyanı xeyrimizə dəyişməyə çalışacağıq. Onlar da ilk oyunda məğlub olub. Kiprlə oyun bizim üçün yeni mübarizə olacaq. Futbolçularım hər şeyi anlayır. Çox çətin oyun olacaq. Havanın isti olması işimizi çətinləşdirə bilər. Bu gün yaxşı oyun gözləyirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.Kipr millisi də Millətlər Liqasına məğlubiyyətlə başlayıb. Ada təmsilçisi öz meydanında  Çernoqoriya futbolçularına uduzub. Ona görə  də komanda yığmamızla oyuna çox ciddi yanaşır.  Komandanın baş məşqçisi Yohan Valem Azərbaycanla oyuna yalnız qələbə üçün çıxacaqlarını deyib: "Monteneqroya məğlubiyyətə baxmayaraq, komandada bəzi pozitiv məqamlar gördüm. Bizi fərqli oyun gözləyir. Rəqibə hörmət edirik. Ancaq məqsədimiz qələbə qazanmaqdır və bunun üçün mübarizə aparacağıq. Nəticədən asılı olmayaraq, bir gələcək qururuq. Ancaq futbolda həmişə qələbə üçün meydana çıxırsız və bu, alınırsa, daha sonra da sizə kömək edir”. Milli komandamızın heyətində əsas itki Mahir Emreli ilə bağlıdır. Lüksemburqla oyunda qırmızı vərəqə alıan “Qarabağ”ın üzvü heyətdən çıxarılıb. Kipr seçməsində isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən kənarlaşdırılıb. Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:45-də başlanan Kipr-Azərbaycan oyunu Nikosiyadakı GSP stadionunda keçiriləcək.Oyunu slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edəcək. Qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq.