A divizionunun 4-cü qrupunda keçirilən İspaniya – Ukrayna oyunu meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçib. Onlar artıq 3-cü dəqiqədə irəli çıxıblar. Serxio Ramos penaltini dəqiq yerinə yetirib. 29-cu dəqiqədə təcrübəli kapitan dubl edib. Çox keçmədən İspaniya futbolçuları fərqi daha da artırıblar. 17 yaşlı Ansu Fati gözəl qol vurub. O, İspaniya millisi tarixində fərqlənən ən gənc oyunçu kimi tarixə düşüb. İlk hissə 3:0 hesabilə başa çatıb. Fasilədən sonra Pireney təmsilçisi rəqibin qapısına 4-cü dəfə yol tapıb. Vaxtın tamamına 6 dəqiqə qalmış Ferran Torres yekun nəticəni müəyyənləşdirib. İspaniya – Ukrayna 4:0. 4-cü qrupun digər oyununda isə qalib müəyyənləşməyib. İsveçrə - Almaniya seçmələrinin görüşündə ilk qol 14-cü dəqiqəyə təsadüf edib. “Bundestim”in heyətində İlkay Gündoğanın yaxın küncə zərbəsi qarşısıalınmaz olub. Amma Almaniya futbolçuları sərfəli hesabı sonadək qoruya bilməyiblər. 58-ci dəqiqədə tarazlıq bərpa olunub. Silvan Vidmer fürsəti qaçırmayıb. Qalan vaxtda başqa qol olmayıb. Beləliklə, İsveçrə - Almaniya qarşılaşması heç-heçə yekunlaşıb 1:1. A divizionunun 4-cü qrupuna 4 xalla İspaniya millisi başçılıq edir. 1 xal toplayan Ukrayna yığması 2-cidir. Almaniya seçməsi 2 xalla 3-cü, isveçrəlilər isə 1 xalla sonuncu – 4-cü yerdədilər.