Millətlər Liqası turnirinin ilk turunda Lüksemburqla qarşılaşacaq milli komandamız hazırlığı davam etdirir. Baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi heyət məşqləri Mərdəkandakı milli komandaların təlim-məşq bazasında keçirir. Əvvəlcədən məlum olduğu kimi, müəyyən səbəblərdən toplanışda iştirak edə bilməyən Dmitri Nazarov və Eddi İsrafilovdan başqa bütün futbolçular hazırlığa qatılıb.Nizam-intizama ciddi fikir verən İtaliyalı mütəxəssis millinin oyunçularının da qoyduğu tələblərə riayət etməsini istəyir. Qeyd edək ki, sentyabrın 4-ü saat 17:15-də millimizin baş məşqçisinin mətbuat konfransı olacaq. Bundan yarım saat sonra isə seçməmizin açıq məşqi keçiriləcək.

Azərbaycan-Lüksemburq qarşılaşması sentyabrın 5-də saat 20:00-da Olimpiya stadionunda olacaq.