Həm “Qarabağ”, həm də “Neftçi”nin avrokuboklarda rəqibləri müəyyənləşdi. “Qalatasaray”ı hamı yaxşı tanısa da, “Molde” haqda elə də geniş məlumatımız yoxdur. Rəqiblərimizi yenidən gözdən keçirək.   

   “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Noverçin “Molde” komandasını qəbul edəcək.109 illik tarixi olan rəqibimiz ilk dəfə 1999-2000-ci illər mövsümündə ən nüfuzlu klub turnirinin qrup mərhələsinə çıxaraq tarixi uğur qazanmışdı. Lakin Norveç təmsilçisinin ən böyük nailiyyəti son 10 ilə təsadüf edir. Hazırda “Mançester Yunayted”ə rəhbərlik edən Ule Qunnar Sulşerin 2011-ci ildə komandaya gəlişiylə yeni inkişaf mərhələsinə qədəm qoyan “Molde” elə həmin ildəcə ilk dəfə ölkə çempionu oldu. Növbəti mövsümdə də Sulşerin rəhbərliyi ilə Norveçin ən güclüsü olan “Molde” ümumən 4 dəfə çempionluq sevinci yaşayıb. Son 10 ilə nəzər salsaq, skandinaviyalılar 2012/13, 2015/16-cı illər mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. 4 il əvvəl “Molde” pley-ofa çıxsa da, həmin il yarışın ali mükafatına yiyələnən “Sevilya”ya məğlub olmuşdu. O vaxtdan norveçlilər avrokuboklarda qrup yarışında iştirak edə bilmir. Hər halda bu komandanı “Qarabağ”la müqayisə edəndə “köhlən atlar”ın avrokubok təcrübəsinin daha çox olduğunu söyləyə bilərik. Hər halda sentyabrın 16-sı, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyundan sonra bütün suallara aydınlıq gələcək.

   “Neftçi”nin rəqibi isə ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyənin məşhur “Qalatasaray” klubudur. “Sarı-qırmızılar”ın da avrokuboklarda triumfu “Molde” kimi 21-ci əsrin başlanğıcına təsadüf edir. Amma İstanbul təmsilçisi Norveç klubundan fərqli - daha böyük uğurun müəllifi olub. UEFA kubokunun qalibi olaraq tarix yazan komandaya Türkiyənin Avropa futbolunda ən uğurlu təmsilçisi deyə bilərik. UEFA superkubokunu da muzeyinə aparan “Qalatasaray” Türkiyə daxilində də bütün yarışların rekordçusu kimi tanınır. Qardaş ölkənin təmsilçisi ilk dəfə Azərbaycan klubu ilə görüşəcək. 2012-2013-cü illər mövsümündə UEFA Avropa liqasının qrup mərhələsinə çıxaraq Azərbaycan futbolunda yeni səhifə açan “Neftçi”ni əlbəttə ki, çətin oyun gözləyir. Lakin biz inanırıq ki, “tarixi ilk”in müəllifi olan bakılılar sentyabrın 17-i, paytaxtımızda layiqli mübarizəylə daha bir çətin sınaqdan üzüağ çıxacaqlar.