Sentyabrın 5-də Millətlər Liqasının ilk turunda Bakıda Lüksemburq yığmasını qəbul edəcək milli komandamızın təlim-məşq toplanışı davam edir. Klublarının heyətində avrokuboklarda çıxış edən futbolçular matçlardan dərhal sonra yığmaya qoşulublar. Yeganə legioner Renat Dadaşovdan başqa, bütün futbolçular UEFA Millətlər Liqasının hazırlıqlarına başlayan Azərbaycan yığmasının düşərgəsindədirlər. İsveçrə "Qrashoper"inə transfer olunan Renat Dadaşov isə sentyabrın 1-nə keçən gecə Bakıya gələcək.Yeri gəlmişkən, Milli üzvləri koronavirus testindən də keçib.
Qeyd edək ki, Əmir Ağayev ("Atromitos", Yunanıstan) FIFA-dan milliləşdirməyə razılıq qərarının hələ verilməməsi, Eddi İsrafilov ("Albasete", İspaniya) və Dmitri Nazarov ("Ertsgebirge", Almaniya) isə koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən hazırlığa qatıla bilməyib. Azərbaycan Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Yığma 3 gün sonra isə Kiprin qonağı olacaq.