Sentyabrın 5-də Millətlər Liqasının ilk turunda Lüksemburq futbolçularını qəbul edəcək milli komandamız daha bir futbolçunun xidmətindən yararlana bilməyəcək. Bu Eddi İsrafilovdur. AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, İspaniyanın “Albasete” klubunda çıxış edən futbolçu millinin baş məşqçisi Canni De Byaziyə müraciət edib. 28 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda İspaniyada koronavirus pandemiyası ilə bağlı vəziyyət gərgindir. İsrafilov bu səbəbdən ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum 2 dəfə müvafiq test verilməli olduğunu vurğulayıb. Testlərin cavabını gözlədiyi müddətdə isə futbolçunun məşq etməsinə icazə verilməyəcək. İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqasında Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib. Qeyd edək ki, daha əvvəl Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Dmitri Nazarovun da eyni problemə görə hazırlıq prosesinə qatılmayacağı bəlli olub.