MBA-da komandalar pley-offda mübarizəni erkən dayandırdıqdan sonra məşqçi istefaları zərurətə çevrilir. Pley-offun ilk mərhələsində “Boston”a seriyada 0:4 hesablı məğlubiyyətdən sonra “Filadelfiya”nın baş məşqçisi Brett Braun istefaya göndərilə bilər.
Amerika mətbuatının məlumatına görə, artıq klub rəhbərliyi komandada ab-havanı dəyişmək istəyir. Braunun bundan artıq “Siksers”ə heç nə verməyəcəyini düşünən pensilvaniyalılar bir neçə namizədlə danışıqlara başlamağı planlaşdırır. Mətbuatın yazdığına görə, “Filadelfiya” rəsmiləri hazırda “Klippers”də assistent vəzifəsində çalışan “Klivlend”in sabiq baş məşqçisi Tayron Lyu ilə maraqlanır. Bununla yanaşı hazırda Brett Braunun köməkçisi kimi işləyən İme Udoka da komandaya rəhbərlik edə bilər. Siyahıda “Memfis” və “Sakramento”nun sabiq baş məşqçisi Deyv Yorger və Villanueva Universiteti komandasının çalışdırıcısı Cey Raytın da adı var.
Xatırladaq ki, Braun 2013-cü ildən “Filadelfiya”nın baş məşqçisidir. O bu komandanın “sükanı arxası”na keçdikdən sonra bu günə qədər bütün heyəti dəyişdirməyə imkan tapmışdı. Bu müddət ərzində Braun 3 dəfə komandanı pley-off mərhələsinə çıxara bilmişdi. “Siksers” Braunun başçılığı altında iki dəfə konfrans yarımfinalında oynayıb.