WTA  reytinqində 2-ci pillədə qərarlaşan Simona Halep “US OPEN” turnirində  iştirak  etməyəcək. Bu  barədə rumıniyalı  tennisçinin  özü  məlumat verib:“Bütün amilləri təhlil edib şəraiti dəyərləndirdikdən sonra Birləşmiş Ştatlarda təşkil olunan yarışa qatılmamaq qərarına gəldim.Biz hamımız ilk növbədə sağlamlığımız haqda düşünməliyik. Ona görə də, Avropanı tərk etməyəcəyəm”. SİTATIN SONU. Maraqlıdır ki, WTA reytinqinin ilk 10-luğunda olan tennisçilərdən 6-sı Amerika Birləşmiş Ştatlarına yollanmayacaq. Halepə qədər cədvəlin lideri Eşli Barti, 5-ci pillədəki Elina Svitolina, 6-cı yeri tutan Byanka Andeyesku, 7-ci sırada olan Kiki Bertens və 8-ci mövqedə gedən Belinda Bençiç “US Open”də iştirakdan imtina etmişdi. Ümumilikdə, qadın raket ustalarından 21-i mötəbər turnirdə mübarizə aparmayacaq. Ön sıralarda qərarlaşan qadın idmançılardan yalnız Karolina Plişkova,Sofiya Kenin, Serena Vilyams və Naomi Osaka Nyu-Yorkda keçirilən “Böyük Dəbilqə” turnirində ali mükafat uğrunda yarışacaq.    

    Xatırladaq ki, “US Open” avqustun 31-də start götürəcək.