Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin son oyunları başlanacaq. İki gün ərzində 8 cütdə 1/4 finalçılar müəyyənləşəcək. Bunlardan altısı cavab oyununu keçirəcək. Bu cütlərin ilk qarşılaşmaları 5 ay əvvəl – martın 12-də keçirilib.

 Öz meydanında “Kopenhagen”ə minimal hesabla qalib gələn “Başakşəhər” çətin Danimarka səfərinə yollanacaq. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Türkiyə klubu üstünlüyünü qorumağa çalışacaq. Görüşü italiyalı hakim Daniele Orsato idarə edəcək. Oyun Kopenhagenin “Parken” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:55-də başlanacaq.

 Paralel keçirilən qarşılaşmada “Şaxtyor” “Volfsburq”u qəbul edəcək. Slovakiyalı İvan Krujlyakın idarə edəcəyi görüş Kiyevin Olimpiya Stadionunda olacaq. Xatırladaq ki, birinci matçda ukraynalılar 2:1 hesabı ilə qələbə qazanıblar.

 “Mançester Yunayted” isə Avstriyanın LASK komandasını sınağa çəkəcək. İlk oyunda səfərdə 5 cavabsız qolla azarkeşlərini sevindirən İngiltərə klubunun futbolçuları mərhələnin taleyini böyük ölçüdə həll ediblər. Görüşün baş hakimi yunanıstanlı Anastasios Sidiropulos olacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23-də səslənəcək.

 İspaniya və İtaliya klubları arasında duellərdə isə ilk matçı keçirmək də mümkün olmamışdı. Buna görə də “İnter” “Xetafe” cütünün taleyi neytral meydanda - Almaniyada həll olunacaq. Bu görüş də saat 23-də başlanacaq. Qeyd edək ki, 1/4 final oyunları avqustun 10-u və 11-i olacaq.