MBA iyulun 30-da yeni mövsümün bərpa ediləcəyini açıqlasa da, bəzi oyunçular meydana çıxmağın əleyhinə olduğunu bildirib. Liqa rəhbərliyi isə onlardan iyunun 24-nə qədər konkret cavab tələb edib.Siyahıya kimlərin qoşulacağını söyləmək mümkün olmasa da, artıq bu mövsüm meydana çıxmayacaq bir basketbolçunun adı müəyyənləşib.
Kevin Dürant bu mövsüm meydana çıxmayacaq. Onsuz da ötən il “Qolden Steyt”in heyətində final seriyasında zədələnən basketbolçu müntəzəm çempionatın sonuna qədər komandasına kömək edə bilməyəcəkdi. Amma koronavirusa yoluxduğuna görə Dürant qərara alıb ki, yeni klubu “Bruklin Nets”in heyətində bu mövsüm meydana çıxmasın. Halbuki, basketbolçu zədəsini sağaltdığına görə komandaya kömək edə bilərdi. Mətbuata açıqlama verən Dürant bildirib ki, indiki vəziyyətdə risk etmək fikrində deyil: “Mənim üçün mövsüm başa çatıb. Bundan sonra oynamağı planlaşdırmıram. Ötən yay zədələnərkən belə qərara gəldik ki, bu mövsümü boşa verək. Onsuz da oynamaq fikrində deyildim”.
Təbii ki, Dürantın pley-offda meydana çıxmasa “Bruklin”in planları pozulacaq.MBA-in sabiq ulduzu Treysi Makqreydi belə vəziyyətdə “Nets”ə güvənməyin mümkün olmadığını söyləyib: “Hətta “Bruklin”in sahibi olsam belə, indiki vəziyyətdə komandaya güvənmərəm. Dürantın bu mövsüm meydana çıxmaması çox şeyi həll edəcək. Belə olan halda, risk etməyə dəyməz. Həm də ki, il boyunca oynamayan basketbolçu 7-8 oyuna formasını bərpa edə bilməzdi”.
Əlavə edək ki, Dürant MLS-də mübarizə aparan “Filadelfiya Yunion” futbol komandasının səhmlərinin 5 faizinə yiyələnib. Müqaviləyə əsasən, bir müddətdən sonra Kevin səhmlərin daha 5 faizini ala bilər.