Antidopinq qaydalarının sistematik pozulmasına görə rusiyalı atletlər beynəlxalq turnirlərdə öz bayraqları altında çıxış edə bilmir. Belə getsə,ölkə idmançıları yarışlara neytral statusla qatılmaq hüququndan da məhrum oluna bilər.

Rusiya Beynəlxalq Atletika Federasiyası qarşısında öhdəliyi yerinə yetirə bilmir. Yerli mətbuata açıqlamasında ölkə federasiyasının vitse-prezidenti Eduard Bezuqlov etiraf edib ki, antidopinq qaydalarını müntəzəm pozduqlarına görə yaranan 5 milyon dollar cəriməni World Athletics`ə ödəyə bilmirlər. O, deyib ki, hazırda təmsil etdiyi qurum maliyyə böhranı yaşayır. Cərimə məbləği iyulun 1-nə qədər isə Beynəlxalq Atletika Federasiyasının hesabına köçürülməlidir. Əks halda, rusiyalı idmançılar beynəlxalq yarışlarda hətta neytral statusda mübarizə apara bilməyəcək. Üstəlik cərimə məbləği 10 milyon dollara qədər artırılacaq. Bezuqlovun sözlərinə görə, World Athletics onlara hər hanslı güzəşt etmək fikrində deyil. Hər necə olsa da rusiyalılar indiki vəziyyətdə 5 milyon dolları ödəyə bilməyəcəklər. O, bildirib ki, bir müddət əvvəl Rusiya Atletika Federasiyasının rəsmilərinə heç məvacib də verə bilmirdilər. Lakin indi vəziyyət tədricən normallaşır.Amma cərimə məbləği hələ də problem kimi qalmaqdadır.