Oyunlara yeni qaydaların tətbiqi ilə məşğul olan qurum - Beynəlxalq Futbol Assosiasiyaları Şurası futbolçuların əvəz olunmasına dair yeniliyi təsdiqləyib. Pandemiyaya görə dayandırılan milli çempionatlar bərpa olunsa komandalara hər oyunda 5 əvəzləməyə icazə verilir.Vaxt itkisinin qarşısını almaq üçün bunların 3-ü oyun, 2-i isə fasilə zamanı edilməlidir. Əgər hər iki komanda eyni məqamda dəyişiklik etsə, bu, onların hər birinin 3 əvəzləmə limitinə aid olacaq. Oyun əlavə vaxta kimi uzanarsa istifadə edilməyən oyunçu dəyişiklikləri və əvəzləmə limiti də həmin uzatma dəqiqələrinə tətbiq ediləcək.

Bundan başqa turnirin reqlamentinə əsasən, əlavə vaxtda komandalara bir əlavə dəyişiklik imkanı verilirdisə,indi hər iki komandanın əlavə olaraq daha 1 oyunçunu əvəz etmək hüququ olacaq. Bu isə o deməkdir ki, görüş ərzində 5 oyunçunu dəyişilməsi və 3 əvəzləmədən istifadə edilib-edilməməsindən asılı olmayaraq, 6-cı əvəzləmə də mümkündür.İyunun 1-dən tətbiq edilən yeni qayda 2020-ci il dekabrn 31-ə kimi qüvvədə olacaq. Bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib. Qeyd edək ki, bu qaydalardan istifadə olunub-olunmaması yerli federasiyaların ixtiyarına verilir.

Daha bir yenilik budur ki, FİFA VAR sistemindən istifadə ilə bağlı qaydalarda müvəqqəti dəyişiklik edib. Pandemiyanın yaratdığı çətinliklərlə əlaqədar, indiki mövsümün sonunadək VAR-dan istifadə məcburi olmayacaq. Burada da son qərar yenə milli federasiyaların ixtiyarında qalır.