Avqustun əvvəlinə qədər tennis turnirlərinin təşkilinə qadağa qoyulsa da, artıq şou xarakterli yarışlar adi bir hala çevrilib. Karantin rejimini başa vuran raketka ustaları indi nəinki normal şəkildə məşq edir, hətta yarışlara da çıxırlar. Artıq tanınmış tennisçilər də belə tunirlərdə iştirak etməyə razılıq verir.

Belə ki, mayın 25-də Avstriyada tanınmış raketka ustalarının iştirakilə turnir keçiriləcək. “TennisNet” portalının məlumatına görə, şou xarakterli tədbirdə ATP reytinqində 3-cü pillədə qərarlaşan Dominik Tim də qüvvəsini sınayacaq. 151 min avro mükafat fondu olan turnirdə 16 kişi və 8 qadın tennisçi çıxış edəcək. Maraqlıdır ki, turnir pley-off sistemi ilə deyil, 3 mərhələli dairəvi formatda keçiriləcək.Əvvəlcə 16 tennisçi bir-biri ilə yarışacaq və ən yaxşı 12 idmançı növbəti mərhələyə vəsiqə qazanacaq. Final mərhələsinə isə 8 tennisçi çıxacaq. Yarış iştirakçılarına gəlincə, Dominik Timlə yanaşı Dennis Novak, Barbara Haas, Tamira Pajek və digər yüksək reytinqli raketka ustaları da qələbə uğrunda mübarizə aparacaq. Karantin rejiminə uyğun olaraq tribunalara azarkeş buraxılmayacaq. Xatırladaq ki,müvafiq yarışlar Almaniyada adi hala çevrilmək üzrədir. Artıq bu ölkədə sayca ikinci belə bir turnir keçirilir.