Futbol həvəskarlarının intizarına yavaş-yavaş son qoyulur. Yayım hüququ İdman TV-yə məxsus Almaniya bundesliqasının mayın 16-sı bərpa olunacağı dəqiqləşib. Yeni təqvimin təfərrüatları da ictimaiyyətə açıqlanıb.

Ölkənin futbol assosiasiyasının növbədənkənar assambleyasının videokonfransında bununla bağlı rəsmi qərar açıqlanıb. həm əsas, həm də 2-ci bundesliqa klublarının nümayəndələrinin iştirak etdiyi videomüşavirədə təqvimlə bağlı təfərrüatlara da aydınlıq gətirilib. 26-cı tura mayın 16-sı keçiriləcək 5 oyunla start veriləcək. Bakı vaxtilə Saat 17:30-da başlanacaq Görüşlər arasında “Borussiya” Dortmund – “Şalke” komandaları arasında Rur derbisi daha böyük maraq doğurur. Bundan başqa eyni gündə “Auqsburq” – “Volfsburq”, “Fortuna” - “Paderborn”, “Hoffenhaym” – “Herta”, “Leyptsiq” – “Frayburq”, “Ayntraxt” – “Borussiya” Mönhenqladbax oyunları təşkil olunacaq. Lider “Bavariya”  mayın 17-si “Union”un qonağı olacaq. Həmin gündə “Köln” – “Maynts”la “Verder” “Bayer”lə üz-üzə gələcək. Futbolçular, texniki heyət və digər personal da nəzərə alınmaqla, görüşlər zamanı təxminən 300 nəfər stadionda fəaliyyət göstərəcək. Beləliklə martın 13-dən dayandırılan Almaniya bundesliqası Avropada pandemiyaya görə yarımçıq qalan yarışlar arasında bərpa olunan ilk mötəbər turnir olacaq. Əgər görüşlər yeni təqvim üzrə keçirilsə, mövsümə iyunun 28-də yekun vurulacaq.