MBA-da mövsüm yekunlaşandan sonra Vins Karter karyerasını başa vuracaq. 43 yaşlı basketbolçu artıq indidən ABŞ mətbuatının diqqət mərkəzindədir.Bəs “Atlanta”nın müdafiəçisi böyük idmanla vidalaşandan sonra nə işlə məşğul olacaq?

1998-ci ildə “Qolden Steyt Voriorz”la müqavilə bağlayan və dərhal  “Toronto Reptors”a göndərilən Vins Karter sonradan  “Nyu Cersi Nets”, “Orlando Mecik”, “Finiks sanz”, “Dallas Maveriks”, “Memfis Qrizliz” və “Sakramento Kinqs” komandalarında oynayıb. Son dayanacağı isə  “Atlanta Xoks” klubu olub. 43 yaşlı basketbolçu   MBA çempionu  olmasa da, 2000-ci ildə ABŞ millisi ilə Sidney Olimpiadasının qızıl medalını  qazanıb. Karterin adı çəkiləndə ilk növbədə onun dank üslubunda atışları göz önünə gəlir.O, hətta bununla bağlı 2000-ci ildə xüsusi müsabiqənin qalibi olmuşdu.  Çox güman ki, məhz buna görə  azarkeşlər basketbolçuya   “Eyr Kanada” ləqəbini  veriblər.Lakin onlar artıq növbəti mövsümdə Vins Karter adlı əfsanəni meydanda görməyəcək. Məşhur basketbolçu  televiziya kanallarında şərhçi kimi çalışmaq istədiyini söyləyib: “Oyunçu karyeramı bitirsəm də, basketboldan ayrılmaq istəmirəm. Bundan sonra televiziyada çalışmaq və basketbol oyunlarını şərh etmək fikrindəyəm.  Mən gənclərin bələdçisi olmaq istəyirəm. Bununla yanaşı, klub sahibi kimi fəaliyyət göstərmək də pis olmazdı. Düzdür, topladığım pul  hansısa bir klubun səhmlərini almaq üçün çatmaz. Amma bir  funksioner kimi  klub sahibi ilə oyunçular arasında vasitəçi ola bilərəm”.

Karterin sözünü  “Atlanta”dakı həmklubu Trey Yanq da dolayı yolla təsdiqləyir:  “İndiyə qədər komanda yoldaşlarım arasında Vins ən yaxşılardan biridir. Bu klubda 2 il ərzində o, mənə çox şey öyrədib.Biz komandada hər şeyi bildiyinə və hamıdan təcrübəli olduğuna görə Karteri “Yoda” adlandırırıq.”  Bəli, rəngarəng oyunu ilə basketbol həvəskarlarının sevimlisinə çevrilən Karterin yoxluğu hiss olunacaq. Amma indiki məqamda belə  bir məqam maraq doğurur: mövsüm bərpa edilməsə və yarımçıq yekunlaşsa, Karter vida oyununu keçirmədiyinə görə məyus olmayacaqmı?  Axı, o, qətiyyən belə gedişə layiq deyil!