UEFA qitənin bəzi futbol klublarının rəhbərlərinin iştirakilə onlayn videokonfrans keçirib. Qeyri-rəsmi xarakter daşıyan tədbirdə indiki şəraitin tələblərindən irəli gələn bir sıra məsələ müzakirə olunub. Bunlardan arasında avrokubokların təqvim variantı dıqqəti daha çox cəlb edib.
UEFA qitə klublarının prezidentləri ilə onlayn videokonfransda Çempionlar Liqası və Avroliqanın bərpası ilə bağlı müzakirə aparıb. Fransanın "RMC Sport" telekanalının məlumatına görə, tədbirdə mövsümün qalan oyunlarının təqvim variantı təklif olunub. Görüş zamanı futbol qurumunun nümayəndələri bildiriblər ki, avrokubokların davam etdirilməsi üçün milli çempionatları iyulun sonunadək yekunlaşdırmaq vacibdir. Təklif olunan variantda UEFA Çempionlar Liqasının 1/8 finalının qalan 4 oyununu avqustun 7-də və 8-də keçirmək nəzərdə tutulub. 1/4 finalın ilk oyunları avqustun 11-i və 12-si, cavab görüşləri 3 gün sonra olmalıdır. Yarımfinal mərhələsinin avqustun 18-dən 22-dək, həlledici oyunun isə avqustun 29-da təşkili təklif olunur. Avropa Liqasında isə 1/8 finalın qalan hissəsini avqustun 2-dən 6-dək, ¼ finalı avqustun 10-dan 13-dək, yarımfinalı 17-dən 20-dək keçirmək nəzərdə tutulur.Final matçı avqustun 26-da və ya 27-də ola bilər. Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal və finalı İstanbulda, Avropa Liqasında isə həmin mərhələlər Polşanın Qdansk şəhərində olmalıdır.