Son günlər basketbol üzrə Avroliqanın pley-off oyunlarının Yunanıstanda və ya Litvada keçiriləcəyi ilə bağlı xəbərlər dolaşır. Serbiya da turnirə ev sahibliyi etməyə hazır olduğunu bildirib. Düzdür, Avroliqa rəhbərliyi turnirin nə vaxt bərpa ediləcəyi haqda hələ məlumat verməyib. Amma Balkan dövlətinin indiki şəraitdə belə bir ağır işə razılaşması nikbinlik üçün əsas verir.

Basketbolçuların Avropa Liqasının rəhbərliyi mayın 24-də mövsümün bərpası barədə qərarı açıqlamaqda, deyəsən, çətinlik çəkməyəcək. Doğrudur, komandaları oyun keçirməyə razı salmaq asan olmayacaq. Amma yarışın təşkili üçün məkan tapmaq müəyyən dəeəcədə məsələnin yarısının həlli deməkdir. Bəli, artıq Serbiya Avroliqanın qalan hissəsini keçirməyə hazırdır. Bu günlərdə “Srvena Zvezda”nın prezidenti Neboyşa Çoviç bildirib ki, Belqrad yarışı təşkil etməyə qadirdir. O, əvvəlcə mayın 24-də mövsümün bərpa ediləcəyi haqda qərarı gözlədiklərini söyləyib. Klub prezidenti Belqrad şəhər meriyasının onlara belə imkan yaratdıqlarına görə sevindiyini deyib. Çoviçin sözlərinə görə, Serbiya paytaxtı təkcə ¼ final mərhələsinin yox, ümumiyyətlə müntəzəm çempionatın 6 turunu keçirməyə hazırdır. O, şəhərdə nəqliyyat və səhiyyə sisteminin lazımi tələblərə cavab verəcəyinə əmin olduğunu da qeyd edib. “Srvena Zvezda”nın prezidenti indiki məqamda mövsümü yekunlaşdırmağın zəruri olmasını vurğulayıb.

Xatırladaq ki, bu günlərdə Serbiya prezidenti Aleksandr Vuçiç də ölkəsinin basketbolçular arasında Avroliqaya ev sahibliyi etməyə hazır olduğunu bildirmişdi.