Koronavirus bütün idman növlərinə ağır zərbə endirsə də, tennisçilər tədricən pis günlərin arxada qaldığını göstərməyə başlayırlar. Onların iştirakilə artıq rəsmi olmasa da, şou xarakterli turnirlər təşkil edilir. Bu isə yalnız raketka ustalarının deyil, digər idmançıların, habelə azarkeşlərin də işıqlı gələcəyə ümidlərini artırır.

Bu gün Almaniyanın Her-Qretshauzen şəhərində şou xarakterli növbəti tennis turniri başlanacaq.Bu, Almaniyada keçirilən sayca ikinci belə yarışdır. Bir neçə gün qabaq bu ölkədə 8 tennisçinin iştirakı ilə ilk turnir təşkil edilmişdi. Onun finalında yerli idmançı Yannik Hanfman hələ 2015-ci ildə Vimbldon turnirində Rafael Nadalı məğlub edən Dastin Brauna qalib gələ bilmişdi.
Bu dəfə isə mükafatlar uğrunda 12 tennisçi mübarizə aparacaq. Maraqlıdır ki, bundan əvvəlki yarışın 8 iştirakçısının hamısı bu turnirdə də qüvvəsini sınayacaq. Onlarla birlikdə daha 4 raketka ustası korta çıxacaq. Əsasnamənin qaydaları belədir ki, idmançılar bir-birləri ilə dairəvi sistem üzrə oynayacaq. Hər set 4 geymdən ibarət olacaq. 6 gün davam edən yarışın sonunda 2 ən yaxşı tennisçi arasında final görüşü təşkil olunacaq. Karantin qaydalarına uyğun olaraq tribunalara azarkeş buraxılmayacaq. Oyunların əvvəlində və sonunda tennisçilərin bir-birilə görüşməsi qadağan ediləcək. Qeyd edək ki, müvafiq turnirlər tennisçilərə heç bir reytinq xalı qazandırmır.