İngiltərə premyer liqasın bərpa olunmasa, çempionat rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıla bilər. Mövsüm yarımçıq dayandırılıb. Belə bir şəraitdə aşağı dəstələrdə mübarizə aparan komandaların daha üst diviziona vəsiqə əldə edib-etməyəcəyi məlum deyil.
Bu haqda İngiltərə futbol Liqasının rəhbəri Rik Perri açıqlama verib. Funksioner mövsümün bərpasının zərurətindən danışıb. “Premyer liqa aşağı divizion klublarının hazırkı vəziyyətə münasibətindən xəbərdardır. Çempionşip komandalarına əsas çempionata vəsiqə verilməsə, bu, üçtərəfli əməkdaşlığın pozulması deməkdir. Belə bir şəraitdə ölkədəki vəkillər, hüquqşünaslar böyük pullar qazana bilərlər. Çünki tələblərimiz yerinə yetirilməsə premyer liqa rəhbərliyinə qarşı bir çox məhkəmə iddiası qaldırılacaq. Onlar anlamalıdılar ki, aşağı divizion klubları oyunların keçirilməsindən əldə olunan gəlirlərlə mövcudluqlarını qoruyurlar”.
Pandemiyanın təsiri tam aradan qaldırılana qədər oyunlar çox güman ki, azarkeşsiz keçiriləcək. İngiltərə futbol liqasının rəhbəri bunun da aşağı divizion klubları üçün faciəvi maddi itkilər yaradacağını bildirib. Qeyd edək ki, İngiltərə klublarının əksəriyyəti məşq etsələr də, çempionatın bərpa tarixi ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib. Xatırladaq ki, Premyer Liqanın eksklüziv yayım hüququ İdman TV-yə məxsusdur.