İspaniyada La Liqanın bərpa olunması üçün hazırlıq prosesi başlanıb. Mayın 4-dən ölkədə məşqlərə icazə verilsə də bununla bağlı müəyyən qaydalara riayət ediləcək. Mayın 6-dan etibarən La Liqa klublarının üzvləri koronavirus testindən keçəcəklər. “Barselona” və “Real” rəhbərliyi rəsmi sayt vasitəsilə bu xəbərləri təsdiqləyib. Ölkənin aparıcı 2 klubunun bütün üzvləri tibbi müayinədən sonra fərdi qaydada məşqlərə başlayacaqlar. Bu məşqlər mayın 18-ə kimi davam edəcək.

Yeri gəlmişkən qeyd edək ki,  “Barselona” pandemiyadan daha  çox ziyan görüb. Son hesablamalara görə hazırda  komandanın itkiləri 120-140 milyon avro arasındadır. Bu barədə klubun vitse prezidenti Jordi Kardoner açıqlama verib. O, bildirib ki, təkcə oyunlara və klubun muzeyinə bilet satışı olmadığından “Barselona”  təxminən 50 milyon avro itirib. Teleyayımdan itirilən məbləğ isə 40 milyon avroya yaxındır.  Bundan başqa  klubun dükanları və futbol məktəbinin bağlanması, habelə görkəmli  futbolçularlın iştirakı ilə  tədbirlərin ləğvi ümumi kommersiya gəlirinin  25 milyon avrodan çoxunun  itkisinə səbəb olub. Jordi Kardoner deyib: “Bu  bizim yalnız indiyə qədər olan təxmini itkilərimizdir. İlin sonuna kimi rəqəmlərin artması istisna deyil. Əminliklə deyə bilərəm ki, maliyyə baxımından indiki il klub üçün çox pis keçir və biz ili heç olmazsa ən az zərərlə başa vurmağa çalışırıq. Ilk növbədə xərclərimizi bir qədər azaltmalıyıq”.

         Klubun vitse-prezidenti əlavə edib ki, indiki məqamda azarkleşlərin stadiona gəlməsi mümkün olmadığından vəziyyət daha da çətinləşib: “Biz anlayırıq ki, La Liqanın azarkeşsiz davam etdirilməsi indiki şəraitdə ən düzgün qərardır.Düşünürəm ki, futbolsevərlər arenaya gələn ilin fevralından tez buraxılmayacaq. Belə olan halda əsas məqsədimiz bu olacaq ki,  mövsümi abunəçilərimizə müəyyən güzəştlər edib onları itirməyək və az da olsa bu sahədən müəyyən gəlir əldə edək”.

Xatırladaq ki, la liqada oyunların azarkeşsiz bərpası iyunun 5-nə, ən geci isə iyunun 12-nə nəzərdə tutulur. Əlavə edək ki, İspaniyanın Marka nəşri FİFA-nın tezliklə oyun ərzində 5 dəyişikliyə icazə verəcəyi ilə bağlı xəbər yayıb. Bu qaydanın ancaq indiki mövsümə yaxud bundan sonrakı yarışlara da aid olub- olmayacağına dair hələ ki, xəbər məlumat verilmir. Qəzet  yazır ki, FİFA bu təklifi Beynəlxalq Futbol Assosiasiyalar Birliyinə göndərib və ona gələn həftə cavab veriləcək. Əlavə edək ki, Beynəlxalq Futbol Assosiasiyalar Birliyi oyunda yeni l qaydaların tətbiqi ilə məşğul olan qurumdur.