MBA-da mövsümün nə vaxt bərpa ediləcəyi haqda konkret açıqlama verilməsə də, vəziyyət yaxşılığa doğru dəyişməkdədir. Təşkilatın rəhbərliyi müəyyən fəallığı ilə seçilir.
İndiki məqamda basketbolçuların müntəzəm çempionatının davam etdirilməsində ABŞ höküməti də maraqlıdır. Ölkə mətbuatının məlumatına görə, bərpa layihəsi hazırlanandan sonra dövlət yarışların təhlükəsiz şəraitdə keçməsi üçün bütün qüvvəsini səfərbər edəcək. Hələlik turnirin ayrıca bir şəhərdə keçirilməsi planlaşdırılır.Yarışlar bərpa ediləndən əvvəl hər bir klubun bütün üzvləri koronavirus testindən keçəcək. Daha sonra oyunçular 2 həftəlik karantin şəraitində yaşayacaq. Bundan sonra sağlam basketbolçuların çempionatda iştirakına icazə veriləcək. Mövsüm başa çatana qədər onların heç biri komandanın düşərgəsindən çıxa bilməyəcək. Mənbənin məlumatına görə, MBA rəhbərliyi yarışı keçirmək üçün iki şəhər - Las Veqas və Orlando arasında seçim etmək istəyir. Atlantik Siti, Luisvill və Qonolulu şəhərləri isə ehtiyat variant kimi müzakirə edilir.
Əlavə edək ki, ESPN idman telekanalı mövsümün bərpasına münasibətlə bağlı mindən çox azarkeş arasında sorğu keçirib. Respondentlərin 65 faizi çempionatın azarkeşsiz keçirilməsinə tərədfar çıxıb.