Pandemiya Formula 1 komandalarının büdcəsinə mənfi təsir göstərir.Mövsümü hələ də başlamaq mümkün olmadığından komandaların qazanc imkanları tamamilə məhdudlaşıb. Təbii ki, bütün bunlar avtoidman şirkətlərinin xərcləri azaltmasına səbəb olacaq.
Bəli, artıq gələn ildən Formula 1 komandalarının büdcələrinin həcminin azaldılacağı dəqiqləşib. Bu barədə turnuirin idman direktoru Ross Braun məlumat verib. O deyib ki, bu günə qədər büdcəni 175 milyon dollara qədər yüksəltsələr də, amma mövcud vəziyyətə görə müəyyən ixtisarlara getməli olacaqlar. Braun bildirib ki, böhranla əlaqədar büdcənin həcmi 145 milyon dollara qədər endiriləcək və yaxın günlərdə komandalara məsələnin xırdalıqları ilə bağlı məlumat veriləcək. Formula 1-in idman direktorunun fikrincə, məhz belə olan halda, komandalar arasında uçurum yaranmayacaq və azarkeşlər çempionluq uğrunda daha gərgin mübarizə izləyəcəklər. Ross Braun indiki şəraitdə maliyyə sabitliyinin ən vacib məqam olduğunu söyləyib. O əlavə edib ki, kiçik büdcəli komandalara daha çox mükafat verilsə, Formula 1-in gələcəyini xilas etmək mümkündür.