Pandemiya dövründə məşhur futbolçular videozənglər vasitəsilə bir-birlərilə əlaqə saxlayaraq müxtəlif mövzularda müzakirələr aparırlar. Bu dəfə “Yuventus”un indiki və keçmiş “10” nömrəsi söhbət edib. Onlar xatirələrini bölüşərək vurduqları ən gözəl qolları yada salıblar.

“Yuventus”un indiki “10” nömrəsi Paulo Dibala Turin klubunun əfsanəvi oyunçularından hesab olunan, vaxtilə “10” nömrəli forma ilə oynayan Del Pyero ilə video-müzakirə aparıb. Onlar karantin şəraitində bir-birlərinin oyunu, vurduqları qollar barədə danışıblar. Del Pyero Dibalanın mart ayında “İnter”in qapısına yol tapmasından söz açıb: “Texnikan yüksək səviyyədədir. Olduqca gözəl qollar vurursan. Uzaq küncə endirdiyin zərbələri xüsusilə bəyənirəm. Belə epizodlarda topun qapıya daxil olması əlavə estetik zövq verir. Maraqlı və çoxgedişli hücumlardan sonra da fərqlənə bilirsən. Elə martın 8-i “İnter”ə vurduğun qolu xatırlayaq. Təzyiq altında olsan da, topu özündə əla saxlayıb vaxtında zərbə endirmişdin. Hər mənada mükəmməl qol idi”.

Paulo Dibala isə öz növbəsində keçmiş “10” nömrənin vurduğu qollar arasında seçim edib. O, Del Pyeronun “Yuventus”dakı karyerasının əvvəlində, daha dəqiq, 1994-cü ildə “Fiorentina”nın qapısına endirdiyi dəqiq zərbəni xatırlayıb: “Bu, əsl ustalığın göstəricisi idi. Ötürülən topu saxlamadan ayağının üstü ilə rəqib qapıçının baş üzərindən qapıya vurdun. Bunu necə etdiyini anlaya bilmirəm. Amma çox gözəl alınmışdı”.

Dibala və Del Pyero karantin bitdikdən sonra görüşməyə söz veriblər. Onlar Canluici Buffonun qoruduğu qapıya standart vəziyyətlərdən daha çox qol vurmaq yarışı ilə bağlı razılığa gəliblər.