Pandemiyaya görə təxirə salınan tennis turnirlərinin taleyi hələ də sual altındadır. İndiki məqamda raketka ustaları kortların həyəcanını yalnız virtual turnirlərdə hiss edir. Beynəlxalq Tennis Federasiyası isə, deyəsən, onları real həyata qaytarmaq istəyir.

Artıq Beynəlxalq Tennis Fedarasiyası milli assosiasiyalar, turnir təşkilatçıları və oyunçular üçün müəyyən yeni qaydalar tərtib edib. Belə ki, yaxın aylarda mövsüm bərpa edilsə, raketka ustaları koronavirusdan qorunmaq üçün müəyyən prosedurlara riayət etməli olacaqlar. Hər şeydən əvvəl Beynəlxalq Tennis Federasiyası yarışları azarkeşsiz keçirməyi tövsiyyə edir. İlkin mərhələdə yalnız fərdi turnirlər keçiriləcək. Yəni belə məqamda qoşa yarışları təşkil etmək qətiyyən olmaz. Fərdi turnirlərə gəlincə,idmançılar korta əks tərəflərdən çıxmalı, oyun ərzində öz aralarında məsafənin ən azı iki metr olmasına diqqət yetirməlidir.Həm oyundan əvvəl, həm də oyundan sonra tennisçilərə görüşmək qadağan ediləcək. Onların hər birinə ayrıca toplar veriləcək. Bunula yanaşı idmançılar öz əşyalarını kiməsə həvalə edə bilməz.

Xatırladaq ki, tennis turnirləri martın 18-dən dayandırılıb. Hələlik avqustun 3-nə qədər hansısa bir yarışın keçirilməsi nəzərdə tutulmayıb. Mövcud vəziyyətdə raketka ustaları yalnız karantin rejiminin qaydalarına uyğun olaraq sosial təcrid şəraitində məşq edə bilirlər.