Pandemiyaya görə yarımçıq dayandırılan Fransa çempionatının davam etdirilməsi mümkün olmayacaq.
Çünki ölkədə kütləvi tədbirlər və idman yarışlarının keçirilməsi Fransa hökumətinin qərarına əsasən sentyabrın 1-dək qadağan edilib. Ona görə də yerli Futbol Federasiyası çempionatın da baş tutmayacağını bildirməyə məcbur olub. Turnirin rəsmi saytında bu barədə yekun qərar açıqlanıb. Qeyd edək ki, hər halda Niderlanddan fərqli olaraq, Fransada çempion komandanın adı elan edilib. 27 turdan 68 xal toplayan və ən yaxın rəqibi Marsel klubunu 12 xal qabaqlayan PSJ yarımçıq qalan mövsümün qalibi elan olunub. Bu, Paris futbolçularının liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu çempionluğudur.
Fransanı avrokuboklarda təmsil edən komandaların adları da açıqlanıb. "Marsel" və PSJ Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü sıradakı "Renn" isə turnirə 3-cü təsnifat mərhələsindən qoşulacaq. "Lill" və "Reyms" Avropa Liqasında iştirak hüququ qazanıb. Çempionatda 7-ci yeri tutan və federasiyanın qərarından sonra Avrokuboklardan kənarda qalan “Lion”un məsələ ilə bağlı etiraz edəcəyi deyilir. Klubun rəsmi bəyanatında bildirilir ki, hazırki vəziyyətdə komanda 10 milyon avrodan çox ziyana düşəcək. Buna görə də UEFA-ya və digər əlaqədar təşkilatlara şikayət məktubu göndəriləcək.
Əlavə edək ki,milli çempionatın iki autsayderi "Amyen" və "Tuluza" klubları növbəti mövsüm 2-ci liqaya enməli olacaq. Onların əvəzinə isə aşağı dəstədə ilk 2 pillədə olan "Loryan" və "Lans" elitaya yüksəlib.