Bir neçə gün əvvəl Formula 1-in icraçı direktoru Çeyz Keri yay fəslindən etibarən yeni mövsümə start veriləcəyini söyləsə də, həlıə qaranlıq məqamlar çoxdur. Döğrudur, bəzi Qran-prilərin təşkilat komitələri inamlı açıqlamalar verməklə diqqət çəkir. Amma bütün bunlar yalnız və yalnız şifahi razılıq təsiri bağışlayır.

Formula 1-lə bağlı son günlər bəzi ölkələrdən narahatlıq doğuran məlumat gəlirsə, hər halda bəzi xəbərlərdə nikbin məqamlar da var. Əslində, hansısa Qran-prinin ləğv olunması heç də o demək deyil ki, təqvimdə onun yeri boş qalacaq. Məsələ ondadır ki, artıq bir neçə Qran-prinin təşkilat komitəsi öz avtodromlarında 2 yarış keçirməyə hazır olduqlarını bildiriblər. Bu baxımdan Böyük Britaniya və Avstriya Qran-prisinin imkanları xüsusilə yüksək dəyərləndirilir. Deyilənə görə, hətta pandemiyanın daha ağır təsir göstərdiyi İtaliya da buna hazırdır.Ölkənin Avtomobil Klubunun prezidenti Ancelo Stikki Damiani bildirib ki, Montsa ilə yanaşı İmola və ya Mucceloda yarış keçirmək fikrindədirlər. O, turnirlərin çox olmasını iddiasız komandaların yaşaması üçün vasitə olacağını vurğulayıb. Avstriyanın səhiyyə naziri Rudolf Anşober isə “Red Bull Rinq” avtodromunda 2 Qran-pri təşkil etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Maraqlıdır ki, Macarıstanda da 2 yarış ehtimal edildiyi halda, indi bu ölkədə ümumiyyətlə Qran-prinin keçirilməyəcəyi barədə xəbərlər yayılıb. Belə ki,ölkədə koronavirusa yoluxanların sayı çoxaldığından yerli hökümət avqustun 15-nə qədər bütün kütləvi tədbirləri qadağan edib. Bu da o deməkdir ki, avqustun 2-də keçiriləsi Macarıstan Qran-prisi ləğv edilmə təhlükəsi altındadır. Eyni sözləri Yaponiyaya da aid etmək olar. Artıq Gündoğar ölkədə oktyabrın 11-nə nəzərdə tutulan Qran-pri üçün biletlərin satışı dayandırılıb.