Pandemiya təkcə yarışların ləğvinə və ya təxirə salınmasına səbəb olmadı.O, həm də idman növlərinə münasibəti dəyişdi. Daha doğrusu, koronavirus yarışların təşkilati məsələlərində və onlara cavabdeh olan qurumların strukturundakı nöqsanları üzə çıxardı. Nümunə kimi tennisi göstərmək olar. İdmanın bu növü Beynəlxalq Tennis Federasiyasının nəzarəti altında olsa da, mötəbər turnirlər ayrı-ayrı iki assosiasiyanın təşkilatçılığı altında keçir.
Bəli, söhbət ATP və WTA turnirlərindən gedir. Hazırda yarışların dayandırılması tennisçilər arasında maliyyə böhranı yaradıb ki, bu amil də hər iki quruma etimadın itməsinə səbəb olub. Təbii ki, turnirlərin ləğvinin günahkarı ATP və WTA deyil. Sadəcə, maliyyə problemləri bu iki təşkilatın strukturunda boşluqların olduğunu göstərdi. Bu günlərdə isveçrəli məşhur tennisçi Rocer Federerin ATP ilə WTA-i birləşdirmək ideyası tennis aləmində böyük əks-səda doğurdu. Hətta ispaniyalı raketka ustası Rafael Nadal da əzəli rəqibinin bu təklifinə tərəfdar çıxdı.
Artıq bu iki qurumun rəhbərliyi də belə bir təşəbbüsün reallaşmasına müsbət yanaşır. Mətbuata açıqlamada ATP-nin rəhbəri Andrea Qaudentsi kişi və qadın tennisçilərin eyni təşkilatın başçılığı altında yarışlarda iştirak etməsini mütərəqqi ideya adlandırıb. Onun fikrincə, bu yolla tennisdə rəqabətin səviyyəsini yüksəltmək olar.Belə bir praktika həm də daha mükəmməl maliyyə sistemini formalaşdırmağa təkan verə bilər. Qaudentsi indiki məqamda tennisçilərin təşəbbüsünə səs verməyə razılığını da bildirib. O, yaxın vaxtlarda WTA rəhbərliyi ilə danışıqların müsbət yekunlarına ümid etdiyini deyib. Elə WTA prezidenti Stiv Saymon da tennisin inkişafı naminə istənilən addımı atmağa hazır olduqlarını söyləyib. Onun sözlərinə görə, ATP rəhbərliyilə son görüşlər vahid birlik üçün nikbinliyə əsas verir.