Koronavirusa görə yarımçıq dayandırılan MXL-də mövsümün bərpası ilə bağlı, demək olar, hər həftə müxtəlif məlumatlar yayılır. Bunların bəzisi şaiyə xarakterli olsa da, bəzi xəbərləri rəsmi şəxslər ictimaiyyətə elan edir. Düzdür, liqada əsas söz sahibləri də konkret tarix deməyə çətinlik çəkir. Amma bədbinliyə qapılmaqdansa, belə nikbin xəbərləri eşitmək daha yaxşıdır.

Dünyanın bir nömrəli xokkey liqasında mövsümün bərpası ilə bağlı yeni variantlar üzə çıxıb. Rusiya mətbuatının əldə etdiyi məlumata görə, MXL rəhbərliyi artıq çempionatı keçirmək üçün yeni plan hazırlayıb. Hazırda karantin rejimində məşq edən xokkeyçilər mayın 15-nə qədər cəmiyyətdən təcrid olunacaqlar. Məhz həmin tarixdən etibarən MXL-də çıxış edən klublar öz bazalarında məşq edə biləcəklər. Amma yenə də müəyyən məhdudiyyətlər qalacaq. Belə ki, xokkeyçilərə yalnız qruplara bölünərək məşq etməyə icazə veriləcək.İyunun 1-dən isə komandalar tam heyətlə bir yerə toplaşa biləcək. Nəticədə, liqada mübarizə aparan klublar 3 həftə ərzində təlim-məşq toplanışına qatılacaq. İyunun 21-də isə komandalar müəyyən bölgü əsasında 4 müxətlif şəhərə yollanacaq. Mövsümün bərpasına qədər bir neçə gün ərzində həmin şəhərlərdə komandaların iştirakilə yoxlama görüşləri olacaq.

Liqa rəhbərliyi iyulun 1-də müntəzəm çempionatı məhz həmin 4 şəhərdə bərpa edəcək. Amma digər mövsümlərdən fərqli olaraq bu dəfə komandalar hərəyə 82 yox, 76 oyun keçirəcək.Yarışlar yarımçıq dayandırılana qədər isə klublar maksimum 71 görüşə çıxmışdı. Müntəzəm çempionat başa çatdıqdan sonra isə iyulun 21-də pley-off başlanacaq. Məhz bu mərhələdən etibarən qismən də olsa, azarkeşlərə areanalara daxil olmağa icazə veriləcək. Stenli Kubokunun sahibi sentyabrda müəyyənləşəcək. Növbəti mövsümün startı isə dekabra nəzərdə tutulur.