Pandemiyaya görə dayandırılan Fransa çempionatı ləğv olunub. Ölkədə sentyabra qədər kütləvi idman tədbirləri keçirilməyəcək.
Fransada koronavirusun yayılmasının qarşısını almaq üçün hökumət radikal tədbirlər görməyə məcbur olub. Ölkədə kütləvi idman tədbirləri sentyabradək qadağan edilib. Bu barədə yerli jurnalist Berrtran Latur sosial şəbəkə vasitəsilə xəbər vermişdi. Çox keçmədən Fransanın baş naziri Eduar Filipp “France Footbal” jurnalına açıqlamasında bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, 5000-dən çox insanın iştirak etdiyi kütləvi tədbirlər sentyabr ayına qədər dayandırılıb. İdman tədbirləri isə hətta azrkeşsiz belə keçirilə bilməz.
Qeyd edək ki, bundan əvvəl UEFA Avropada milli çempionatların avqustun 2-dək başa çatdırılmasını tövsiyə edib. Vəziyyətin belə bir şəkil aldığı şəraitdə Fransa çempionatını ləğv etmək lazım gəlib.Bununla bağlı ölkənin Futbol Federasiyası rəsmi bəyanat verib. Xatırladaq ki, 1-ci Liqa 28-ci turdan sonra dayandırılmışdı. Çempionatın qurtarmasına 10 tur qalmış PSJ 68 xalla yarış cədvəlinə başçılıq edirdi.Komanda ən yaxın rəqibi – Marsel klubunu 12 xal qabaqlayırdı. Lakin Paris futbolçularının çempion elan olunub-olunmayacağı, habelə avrokuboklarda Fransanı hansı komandaların təmsil edəcəyi barədə məlumat verilmir.