Pandemiya bu mövsüm bütün idman yarışlarına ağır zərbə vurdu. Amma yalnız bir turnir bəşəri bəladan yayına bildi. Söhbət Avstraliyan-Open tennis turnirindən gedir. Yanvar ayında Melburnda bu yarış keçirilərkən koronavirus Çin səddini yenicə aşırdı.Bu xəstəlik hələ epidemiya mərhələsində idi. İndi isə vəziyyət xeyli pisləşib. Bu virusun gələn ilki yarışlara, o cümlədən, Australian-open-ə zərər vurmayacağına heç kim təminat verə bilməz.

Məhz bu səbəbə görə “Australian Open”in rəhbərliyi turniri sığortalamağı qərara alıb. Maraqlıdır ki, bu il belə bir təcrübədən “Vimbldon” rəhbərliyi yararlana bilib. Xatırladaq ki, “Rolan Qarros” turnirini may ayından sentyabra keçirməklə bağlı qərar qəbul edildi. US-Open çempionatının rəhbərliyi isə yarışı harada və nə vaxt keçirməklə bağlı müəyyən bir fikrə gələ bilmir.Onlardan fərqli olaraq “Vimbldon”un təşkilat komitəsi risk etməyib. Turnir sığortalandığından, təşkilat komitəsi onu keçirməkdən imtina edib. Bu isə o deməkdir ki, yarış keçirilməsə də, nəzərdə tutulan gəliri əldə etmək mümkün olacaq. Belə məqamda növbəti mövsümdə risk etməməyi üstün tutan Avstraliyan-open tennis turnirinin rəhbərliyi də analoji addım atıb.Ona görə ki, heç kim yanvar ayına qədər koronavirusun tamamilə yox olacağına zəmanət vermir.Üstəlik elm adamları artıq virusun ikinci dalğa ehtimalını müzakirə edir. Bunu nəzərə alan “Australian Open” rəhbərliyi yenə də problem yaranacağı halda turniri ləğv edəcək. Təşkilatçıların daha bir ehtiyat variantdan istifadə edəcəyi də gözlənilir.Onlar lazım gəlsə azarkeşləri tribunalara buraxmayacaq, kortlara yalnız tennisçilər çıxacaq.